Dövlət İmtahan Mərkəzinin 10 illik yubileyinə həsr olunmuş “Qiymətləndirmə sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfrans sessiyalarla davam edir.

Sessiyalar müxtəlif zallarda keçirilir və ümumilikdə 20-dən artıq təqdimat nümayiş etdirilir.

Sessiyalarda qiymətləndirmə sahəsində xarici və yerli ekspertlərin məruzələri dinlənilir və təcrübə mübadiləsi aparılır.

“AYYS – Kütləvi İmtahanlarda Yazı İşlərinin Avtomatlaşdırılmış Qiymətləndirmə Sistemi” mövzusunda çıxış edən Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Aydın Qasımov AYYS yazı işlərinin meyarlar əsasında onlayn və oflayn rejimlərdə qiymətləndirilməsi prosesinin təşkilini, keçirilməsini və yoxlama prosesində iştirak edən markerlərin fəaliyyətinin auditini özündə ehtiva edən texnoloji dövrə malik sistemdir. Hazırda AYYS-də ümumi və tam orta təhsil səviyyəsi (IX və XI illik) üzrə buraxılış imtahanları, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanları (I-IV qruplar), ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanları və s. imtahanların yazı işlərinin və inşalarının (esselərinin) qiymətləndirilməsi aparılır. A.Qasımov qeyd edib ki, indiyə qədər AYYS-də müxtəlif imtahanlar və fənlər üzrə ümumilikdə 47 milyondan çox qiymətləndirmə həyata keçirilib.

Qırğızıstanda Təhsil üzrə Qiymətləndirmə və Tədris Metodları Mərkəzinin direktoru Çinarə Batrakeyeva Milli Qəbul İmtahanı (NAT): Qırğızıstanda universitet qəbulunda etimad və şəffaflığı təmin etmək mexanizmi haqqında çıxış edib.

Azərbaycan Respublikasının Təhsil İnstitutunun əməkdaşı Aygün Qurbanlı beynəlxalq qiymətləndirmə tədqiqatlarının Azərbaycan təhsil siyasətinin formalaşmasında rolundan danışıb.

Türkiyənin Ölçmə, Seçmə və Yerləşdirmə üzrə Mərkəzinin (ÖSYM) eksperti Çiğdəm Dəniz e-TEP: Dizayndan Çatdırılmaya – Türkiyənin İnnovativ Dörd Bacarıq Dil İmtahanı haqqında məlumat verib.

Dövlət İmtahan Mərkəzinin Yoxlama ölçmə materiallarının işlənməsi departemintinin əməkdaşı Ülviyyə Qasımova “Biliklərin qiymətləndirilməsindən bacarıqların ölçülməsinə doğru” mövzusunda danışıb. Ü.Qasımova qeyd edib ki, artıq yeni kurikuluma uyğun analitik düşünmə, məlumatı düzgün şərh etmə və problemləri həll etmə qabiliyyətlərini tam ölçə bilən yeni imtahan modelinə keçid edilib, bacarıq yönümlü qiymətləndirmə sistemi formalaşıb.

Türkiyənin Ölçmə, Seçmə və Yerləşdirmə üzrə Mərkəzinin sədrinin müşaviri “Türk dilinin xarici dil testi kimi (e-YDTS) CEFR ilə uyğunlaşdırılması” haqqında məruzə edib.

Özbəkistanın Bilik və Kvalifikasiyaların Qiymətləndirilməsi Agentliyinin aparıcı mütəxəssisi Avazbek Abbosov kütləvi dil testlərində danışıq qabiliyyətinin qiymətləndirməsinə yeni baxış ilə bağlı çıxış edib.

Dövlət İmtahan Mərkəzinin Dövlət dili və xarici dillər üzrə şöbəsinin məsləhətçisi Aysel Xanalıyeva “Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanı (ADSİ): standartlaşdırma və inkişaf mərhələləri” mövzusunda təqdimatla çıxış edib.

Çıxışda qeyd olunub ki, imtahan modeli Dillər üzrə Ümum-Avropa Tövsiyə Çərçivə Sənədinə (CEFR) əsaslanır və dil bacarıqlarını altı səviyyə üzrə (A1–C2) qiymətləndirir. İmtahan dinləmə, oxu, yazı və danışma bacarıqlarını əhatə edir.

Bildirilib ki, layihə çərçivəsində CEFR sənədi Azərbaycan dilinə tərcümə olunaraq rəsmi platformada yerləşdirilib, Azərbaycan dilinin xarici dil kimi tədrisi və qiymətləndirilməsi üçün müvafiq proqram və metodik vəsait hazırlanıb. Eyni zamanda, imtahan modelinin tətbiqi məqsədilə elektron platforma yaradılıb və pilot imtahan keçirilib.

Qırğıztest Dövlət İnstitutunun direktoru Batma Topoeva-Stavinskaya “Dil testlərinin rəqəmsallaşdırılması: Modellər və metodlar bilik və bacarıqların qiymətləndirilməsinə nəzəri və praktiki yanaşmalar mövzusunda çıxış edib.

Müasir təhsil sistemində yaradıcılıq və bacarıqların qiymətləndirilməsi: qabiliyyət imtahanları haqqında məlumat verən Dövlət İmtahan Mərkəzinin əməkdaşları Eltun Süleymanov və Nuran Abasova bu imtahanların əsasən təsviri sənət, musiqi sənəti, idman, teatr, kino və xoreoqrafiya, memarlıq və jurnalistika istiqaməti üzrə keçirildiyini qeyd ediblər. “Qabiliyyət imtahanları Mərkəz tərəfindən abituriyentlərin xüsusi sahələr üzrə bacarıq və yaradıcılıq  potensialını ölçmək məqsədi ilə təşkil olunur və imtahanlar praktiki və nəzəri mərhələlərdən ibarət olmaqla mərkəzləşdirilmiş şəkildə keçirilir” – deyə Eltun Süleymanov qeyd edib.

Özbəkistanın Bilik və Kvalifikasiyaların Qiymətləndirilməsi Agentliyinin şöbə müdiri Mirigul Abdullaeva Elmi, Təhsil və Praktik Mərkəzin bilik qiymətləndirmə sisteminin təkmilləşdirilməsində rolundan danışıb.

Dövlət İmtahan Mərkəzinin Metodika və dərsliklərin monitorinqi şöbəsinin əməkdaşı Könül Həsənova buraxılış və qəbul imtahanları proqramlarının və imtahan modellərinin məzmununun dinamikası haqqında məlumat verib. Çıxışda ölkənin təhsil sistemində son illərdə baş verən dəyişikliklərin buraxılış və qəbul imtahanlarının məzmununa təsirindən, imtahan proqramlarının və modellərinin yenilənməsi və dərsliklərin monitorinqi istiqamətində görülən işlər barəda danışılıb.

2016–2017-ci illərdə yeni proqramların və tapşırıq nümunələrinin hazırlanması, 2017-ci ildə 9-illik, 2019-cu ildə isə 11 illik təhsil bazaları üzrə buraxılış imtahanlarının kurikulum əsasında keçirilməsi ardıcıllıqla təqdim edilib. Yeni modellərdə yalnız nəzəri biliklərin deyil, həm də şagirdlərin koqnitiv və tətbiqi bacarıqlarının qiymətləndirilməsi imkanlarının genişləndirildiyi xüsusi vurğulanıb. Bundan əlavə, Dövlət İmtahan Mərkəzində keçirilən elmi-metodik seminarlar, regionlarda təşkil olunan müzakirələr, müəllimlər üçün hazırlıq kursları və dərsliklərin monitorinqi üzrə aparılan genişmiqyaslı işlər təqdim olunub. 2016–2026-cı illər ərzində 1-11-ci siniflər üzrə 600-dən çox dərslik komplekti üzrə yekun rəylərin hazırlanaraq Elm və Təhsil Nazirliyinə göndərilməsi qeyd edilib, 2017-ci ildən bəri 313 hazırlıq kursunun keçirildiyi və 4 mindən artıq iştirakçının bu kursları uğurla bitirərək sertifikat aldığı diqqətə çatdırılıb.

DİM-in Test bankı şöbəsinin əməkdaşı Səid Əskərzadə tərəfindən bir test tapşırığının həyat dövrünə həsr olunmuş təqdimat keçirilib. Təqdimatda test tapşırıqlarının yaranmasından imtahana qədər keçdiyi mərhələlər ardıcıl və sistemli şəkildə göstərilib

Bildirilib ki, proses test tapşırığının hazırlanması ilə başlayır, daha sonra ekspertiza və yoxlama mərhələlərindən keçir. Növbəti mərhələdə test tapşırıqları qapalı şəraitdə seçilərək imtahana hazırlanır. Bu yanaşma şəffaflıq və təhlükəsizliyin təmin olunmasına xidmət edir.

Dövlət İmtahan Mərkəzinin şöbə müdiri İlqar Mahmudov, AMEA-nın Riyaziyyat İnstitunun əməkdaşları Elşən Mustafayev və Rüstəm Əzimov test imtahanı nəticələrinin emalı və qiymətləndirilməsi üçün tətbiq olunan intellektual sistem haqqında məlumat veriblər. Təqdimatda DİM-in məktəblərdə buraxılış və ali məktəblərə qəbul imtahanlarının nəticələrinin emalında istifadə edilən işlənmiş tanıma sistem təsvir edilib. Qeyd olunub ki, sistem qısa müddətdə kütləvi imtahanların keçirilməsinə və onların düzgün və obyektiv qiymətləndirilməsini təmin etməyə imkan verir. Bu sistem test imtahanlarında istifadə olunan, demək olar ki, rahat vizual interfeys vasitəsi ilə istənilən blank tipinə uyğunlaşdırıla bilər. Onun istifadəsi həmçinin bahalı və mürəkkəb optik skanerlərin istifadəsindən imtina etməyə imkan verir. Tanıma nəticələrinin etibarlığını artırmaq üçün eksperimentlər nəticəsində xüsusi hədlər təyin olunub. Müasir süni dərin neyron şəbəkələr vasitəsi ilə çap əlyazma simvolları tanıyan modellər öyrədilib. Şübhəli halları həll etmək üçün operator üçün xüsusi asan olan vizual interfeys işlənilib.

 “Azərbaycan təhsilində hibrid yanaşma: süni intellekt və qayda əsaslı qiymətləndirməyə keçid” mövzusunda çıxış edən DİM-in Test bankı şöbəsinin əməkdaşı Günel Aldostova yazı işlərinin obyektiv, şəffaf və sabit şəkildə qiymətləndirilməsi üçün hazırlanmış süni intellekt əsaslı sistem haqqında ətraflı məlumat verib. O, qeyd edib ki, bu sistem müəllimi əvəz etmir, onların işini dəstəkləyən köməkçi kimi çıxış edir.

Mərkəzin Elektron imtahanların təşkili sektorunun müdiri Gülmirə İsayeva “Elektron İmtahan Sistemləri: İnkişaf, Analitika və Texnoloji Transformasiya” mövzusunda təqdimatla çıxış edib.

Daha sonra “İmtahanların idarəedilməsinə texnologiyaların tətbiqi” mövzusunda təqdimatla çıxış edən  DİM-in İmtahanların təşkili və idarəedilməsi departamentinin əməkdaşı Kamran Kazımı diqqətə çatdırıb ki, DİM daxilində bütün imtahan proseslərinin tam rəqəmsallaşdırılması və kənar müdaxilədən asılı olmayan yüksək texnoloji infrastrukturun qurulması hədəf olaraq müəyyən edilib.

Mərkəzin Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin əməkdaşı Minaxanım Salamova “Qəbul imtahanlarında informatika fənni” mövzusunda çıxış edərək bildirmişdir ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarına informatika fənninin daxil edilməsi bu sahədə bilik və bacarıqların qiymətləndirilməsi prosesində mühüm strateji yenilik kimi qiymətləndirilir. Bu addım rəqəmsal iqtisadiyyatın tələblərinə uyğun olaraq gələcəyin mütəxəssislərinin hazırlanmasına və ölkənin rəqabət qabiliyyətinin artırılmasına xidmət edir.

Daha sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Nərminə Bayramova “Dövlət qulluqçularının əməyinin ödənilməsi sistemi” barədə çıxış edib.

Sessiyaların davamında İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Rəhbərlik və İdarəetmədə Təkmilləşməyə Dəstək (SIGMA) qurumunun böyük mütəxəssisi Blanca Lazaro “Dövlət qulluqçularının seçimi: Sübutlara əsaslanan yanaşma və OECD ölkələrində tətbiq olunan təcrübələr” mövzusunda çıxış edib.

Sessiyaların gedişində Səriştələrin və peşəkar potensialın qiymətləndirilməsi şöbəsinin müdiri Pərviz Kazımov və şöbənin əməkdaşları Nazlı Abduləlimova, Həmzəyeva Cənnət “Dövlət qulluğuna işə qəbul üzrə səriştə əsaslı qiymətləndirmə: multimetod yanaşma və alətlərin validasiyası” mövzusunda çıxış ediblər.

“Azərbaycan Respublikasında Dövlət Qulluğunun inkişafına dair strategiya” mövzusunda çıxış edən DİM-in Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsinin müdiri Lalə Qədirova qeyd etmişdir ki, strategiyanın əsas məqsədi dövlət qulluğu sistemində idarəçiliyin təkmilləşdirilməsi, dövlət orqanlarının kadr potensialının inkişaf etdirilməsi, yüksək mənəvi və etik dəyərləri əsas tutan, bilik, bacarıq və müsbət şəxsi keyfiyyətləri ilə seçilən dövlət qulluqçuları korpusunu formalaşdırmaqla dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılmasıdır.

“Dövlət qulluğu üzrə rəqəmsallaşdırılmış fəaliyyət sahələri” mövzusunda çıxış edən DİM-in Dövlət informasiya resursları departamentinin müdiri Vüqar Əkbərov  Mərkəzin bütün sahələrdə, o cümlədən dövlət qulluğu üzrə fəaliyyətində müasir informasiya texnologiyalarının tətbiqinə üstünlük verdiyini, bununla əlaqədar Mərkəz tərəfindən mütəmadi olaraq yeni proqram modullarının hazırlandığını, mövcud informasiya sistemlərinin təkmilləşdirilərək yeni funksioanal imkanlarla zənginləşdirildiyini, proqramlara müxtəlif analitik və statistik hesabatlar əlavə edildiyini diqqətə çatdırıb.