DİM-in 10 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransın rəsmi hissəsi yekunlaşıb
Məlum olduğu kimi, 2026-cı il aprelin 9-dan 11-dək Bakı şəhərində Dövlət İmtahan Mərkəzinin (DİM) yaradılmasının 10 illik yubileyi münasibətilə “Qiymətləndirmə sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilir.
Konfransın məqsədi təhsilin qiymətləndirilməsi və dövlət qulluğu sahələrində əldə olunmuş təcrübələrin paylaşılması və aktual məsələlərin müzakirəsi olub.
Tədbirdə Azərbaycanla yanaşı Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Misir, Cənubi Afrika Respublikası və Keniyadan, həmçinin müxtəlif beynəlxalq təşkilatlardan ümumilikdə 200-dən çox nümayəndə iştirak edib.
Konfrans çərçivəsində aprelin 9-da DİM-in elektron imtahanlar korpusunda praktik məşğələlər təşkil olunub. Rəsmi açılış mərasimi aprelin 10-da “Baku Marriott Hotel Boulevard” hotelində keçirilib.
Açılışdan sonra yerli və beynəlxalq mütəxəssislərin iştirakı ilə panel müzakirələr təşkil olunub. Müzakirələr müasir təhsil sistemində qiymətləndirmənin strateji rolu, kütləvi imtahanlar, rəqəmsallaşma dövründə kadr siyasəti və insan kapitalının inkişafı mövzularını əhatə edib.
Daha sonra müxtəlif mövzular üzrə sessiyalar keçirilib. Sessiyalarda yazı işlərinin qiymətləndirilməsi, beynəlxalq təcrübə, dillər üzrə qiymətləndirmə, yaradıcılıq və bacarıqların qiymətləndirilməsi, dövlət qulluqçularının seçimi, səriştə əsaslı qiymətləndirmə və elektron imtahan sistemləri ilə bağlı təqdimatlar dinlənilib. Sessiyalar çərçivəsində qiymətləndirmə meyarlarının təkmilləşdirilməsi, dillər və yaradıcılıq bacarıqlarının qiymətləndirilməsi üzrə yeni yanaşmaların tətbiqi imkanları müzakirə olunub. İştirakçılar beynəlxalq təcrübənin paylaşılması və elektron imtahan sistemlərinin inkişaf etdirilməsi istiqamətində əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Konfrans çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin imtahan mərkəzləri arasında əməkdaşlığın gücləndirilməsi haqqında Niyyət Protokolu da imzalanıb. Protokol türk dövlətləri arasında təhsildə qiymətləndirilmə və imtahan sahəsində uzunmüddətli institusional əməkdaşlığın gücləndirilməsi və strateji tərəfdaşlığın formalaşdırılması üzrə ortaq niyyəti əks etdirir.
Konfransın sonunda Dövlət İmtahan Mərkəzinin İdarə Heyəti sədrinin müavini Bəhrəm Xəlilov yekun çıxış edərək konfransda iştirak edən xarici ölkələrdən dəvət olunmuş qonaqlara, yerli iştirakçılara, məruzəçilərə və təşkilatçılara təşəkkürünü bildirib. O qeyd edib ki, tədbir çərçivəsində səsləndirilən fikir və təkliflər qiymətləndirmə sistemlərinin təkmilləşdirilməsi, şəffaflığın və etimadın gücləndirilməsi, eləcə də innovativ yanaşmaların tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır. B.Xəlilov konfransın gələcək əməkdaşlıqlar üçün yeni imkanlar yaradacağına və beynəlxalq təcrübə mübadiləsinin genişlənməsinə töhfə verəcəyinə inandığını ifadə edib.
Qeyd edək ki, aprelin 11-də xarici qonaqlar üçün mədəni tur təşkil olunacaq.