2026-cı il aprelin 9-dan 11-dək Bakı şəhərində Dövlət İmtahan Mərkəzinin yaradılmasının 10 illik yubileyi münasibətilə “Qiymətləndirmə sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək
2026-cı il aprelin 9-dan 11-dək Bakı şəhərində Dövlət İmtahan Mərkəzinin yaradılmasının 10 illik yubileyi münasibətilə “Qiymətləndirmə sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək. Konfransın keçirilməsində əsas məqsəd təhsilin qiymətləndirilməsi və dövlət qulluğu sahəsində əldə olunmuş nailiyyətlərin və təcrübənin paylaşılması, eyni zamanda müvafiq istiqamətlər üzrə aktual məsələlərlə bağlı müzakirələrin aparılmasıdır.
Konfransın işində Azərbaycanla birgə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Misir, Cənubi Afrika Respublikası və Keniyadan, eləcə də müxtəlif beynəlxalq təşkilatlardan ümumilikdə 200-dən artıq nümayəndənin iştirakı nəzərdə tutulur.
Konfrans çərçivəsində aprelin 9-da Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda praktik məşğələlər (Pre-Conference Workshops) keçiriləcək.
Konfransın rəsmi açılış mərasimi aprelin 10-da saat 10:00-da “Baku Marriott Hotel Boulevard” hotelində keçiriləcək. Daha sonra konfrans yerli və beynəlxalq mütəxəssislərin iştirakı ilə panel müzakirələr üzrə işini davam etdirəcəkdir. Panel müzakirələr müasir təhsil sistemində qiymətləndirmənin strateji rolu, kütləvi imtahanlar və rəqəmsallaşma dövründə kadr siyasəti və insan kapitalının inkişafı mövzularına həsr olunacaq.
Panel müzakirələrdən sonra sessiyalar fəaliyyətə başlayır və saat 17:00-dək işlərini davam etdirirlər. Sessiyalar yazı işlərinin qiymətləndirilməsi, xarici ölkələrdə qiymətləndirmə sistemi, beynəlxalq qiymətləndirmə tədqiqatları, dillər üzrə qiymətləndirmə, yaradıcılıq və bacarıqların qiymətləndirilməsi, dövlət qulluqçularının seçimi, dövlət qulluğuna qəbulda səriştə əsaslı qiymətləndirmə, elektron imtahan sistemləri və s. mövzuları əhatə edəcəkdir.
Tədbirin sonuncu günü əcnəbi qonaqlar üçün mədəni tur təşkil olunacaq.