Dövlət İmtahan Mərkəzində növbəti vörkşoplar keçirilib
Dövlət İmtahan Mərkəzinin yaradılmasının 10 illik yubileyi münasibətilə “Qiymətləndirmə sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfrans öncəsi növbəti praktik məşğələlər keçirilib.
Səriştə əsaslı qiymətləndirmə metodları: Simulyasiya oyunları və STAR metodu ilə müsahibələr mövzusunda praktik məşğələni DİM-in Səriştələrin və peşəkar potensialın qiymətləndirilməsi şöbəsinin aparıcı məsləhətçisi Cavid Əliyev təqdim edib.
Seminarın əsas məqsədi iştirakçıları müasir qiymətləndirmə metodları ilə tanış etməklə yanaşı, onların bu üsullardan praktik istifadə bacarıqlarını formalaşdırmaq olub.
Məşğələ çərçivəsində iştirakçılar simulyativ qiymətləndirmə metodlarının mahiyyəti, tətbiq sahələri və metodologiyası ilə tanış olub, real iş situasiyalarının modelləşdirilməsi əsasında davranışın necə qiymətləndirildiyini öyrəniblər.
Məşğələdə iştirakçılar yalnız nəzəri bilik əldə etməklə kifayətlənməyib, eyni zamanda qiymətləndirici rolunda çıxış edərək real qiymətləndirmə prosesini təcrübədən keçiriblər. Bu çərçivədə onlar davranış indikatorlarına əsasən müşahidə aparmaq, qeydlər götürmək, qiymətləndirmə şkalasından istifadə etmək və qərarlarını əsaslandırmaq bacarıqlarını inkişaf etdiriblər.
Vörkşop zamanı rol oyunları vasitəsilə iştirakçılar real iş mühitinə uyğun situasiyalarda qərarvermə və qarşılıqlı əməkdaşlıq prosesini müşahidə edib qiymətləndiriblər. Bu prosesdə iştirakçılar simulyasiya tapşırıqlarının təşkili və onların qiymətləndirmə aləti kimi effektiv istifadəsi barədə praktik şəkildə tanış olublar.
Bununla yanaşı, STAR müsahibə metodunun tətbiqi üzrə əyani məşğələlər keçirilərək iştirakçılar real təcrübəyə əsaslanan cavabların strukturlaşdırılmış şəkildə qiymətləndirilməsi bacarıqlarını inkişaf etdiriblər.
Digər vörkşop “Emosional zəka nümunəsində qiymətləndirmə proseslərinin rəqəmsallaşdırılması” mövzusunda keçirilib. Seminarı DİM-in Elektron imtahanların təşkili sektorunun müdiri Gülmirə İsayeva və Səriştələrin və peşəkar potensialın qiymətləndirilməsi şöbəsinin böyük məsləhətçisi Sevinc Məmmədova aparıblar.
Məşğələnin əsas məqsədi emosiyaların müzakirə və qərarvermə prosesinə təsirini anlamaq, iştirakçıların öz emosional reaksiyalarını dərketmə və idarəetmə bacarıqlarını gücləndirmək, həmçinin komanda daxilində effektiv kommunikasiya və qarşılıqlı əlaqənin qurulması vərdişlərini inkişaf etdirmək olub.
Vörkşop zamanı iştirakçılar real iş mühitinə yaxın situasiyada komanda daxilində qərarvermə prosesini təcrübədən keçiriblər. Tapşırıq iştirakçıların məhdud resurslar və zaman çərçivəsində alternativ istiqamətlər arasında seçim edərək qərar qəbul etməsini nəzərdə tutub. Proses zamanı fikir ayrılığı, qeyri-müəyyənlik və psixoloji nüanslar müşahidə metodu və digər alətlər vasitəsilə qiymətləndirilib.
Vörkşop iştirakçıların emosional zəka bacarıqlarını real peşəkar situasiyalar üzərindən inkişaf etdirməyə və 360 dərəcə daxili qiymətləndirmə təcrübəsi qazandırmağa yönəlib.
Praktiki mərhələdən sonra keçirilən refleksiya və qarşılıqlı əks-əlaqə sessiyasında iştirakçılar öz davranışlarını təhlil edib, emosiyaların qərarverməyə təsirini qiymətləndiriblər. Bu mərhələdə iştirakçılar öz müşahidələrini bölüşərək daha balanslı və effektiv davranış strategiyalarını müəyyənləşdiriblər. Eyni zamanda, vörkşop çərçivəsində tətbiq olunan 360 dərəcə daxili qiymətləndirmə yanaşması iştirakçılara qarşılıqlı rəy mübadiləsi aparmaq və komanda daxilində davranışların təsirini daha dərindən anlamaq imkanı yaradıb.
Hər iki vörkşopun sonunda iştirakçılara sertifikat təqdim olunub.
Qeyd edək ki, bu gün Dövlət İmtahan Mərkəzində 7 müxtəlif istiqamət üzrə praktik məşğələ keçirilib. Dövlət İmtahan Mərkəzinin 10 illik fəaliyyəti ərzində qiymətləndirmə proseslərinin təkmilləşdirilməsi, insan resurslarının inkişafı və innovativ yanaşmaların tətbiqi əsas prioritet istiqamətlərdən biri olub. Belə interaktiv və təcrübəyə əsaslanan tədbirlər bu istiqamətdə həyata keçirilən işlərin davamlılığını təmin edir.
Xatırladaq ki, konfransın rəsmi açılış mərasimi sabah saat 10:00-da “Baku Marriott Hotel Boulevard” hotelində keçiriləcəkdir. Daha sonra yerli və beynəlxalq mütəxəssislərin iştirakı ilə panel müzakirələr təşkil olunacaq. ardınca isə sessiyalar fəaliyyətə başlayacaq və iş gününün sonuna qədər davam edəcək.