DİM-in elektron imtahanlar korpusunda “Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı mərhələsi keçirilib
18-19 may 2024-cü il tarixlərində Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusu, eləcə də 161 və 263 nömrəli tam orta məktəblərdə “Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı mərhələsi keçirilib.
İmtahan hər gün saat 10:00 və 15:00 olmaqla iki növbədə təşkil olunub. İmtahanda ümumilikdə 3801 namizəd iştirak edib.
Xatırladaq ki, Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda imtahan vermək üçün 2403 iştirakçı qeydiyyatdan keçmişdir.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib və müntəzəm olaraq imtahan zalları həm nəzarətçilər, həm də videomüşahidə vasitəsilə nəzarətdə saxlanılıb. Bütün zallarda imtahan təlimata uyğun şəkildə keçirilib, namizədlərə öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
İmtahan üçün hər gün Mərkəzin 10 zalı ayrılıb və idarəetmə prosesinə 1 ümumi imtahan rəhbəri, 14 zal administratoru, 20 buraxılış rejimi əməkdaşı cəlb olunub.
Mayın 18-də imtahanda iştirakı nəzərdə tutulan 1149 nəfərdən 864 nəfər, mayın 19-da isə 1254 nəfərdən 1167 nəfər imtahana gəlib. Beləliklə, 2 gün ərzində ümumilikdə 2030 nəfər DİM-in elektron imtahanlar korpusunda imtahan verib. Eyni vaxtda ən çox iştirakçı 19 may saat 10:00 növbəsində qeydə alınıb və 668 namizəd iştirak edib.
Mayın 18-də kütləvi informasiya vasitələrinin nümayəndələri də real vaxt rejimində imtahanın gedişatını izləyiblər.
Qeyd edək ki, imtahan korpusunda yaradılan innovativ platforma xüsusi proqram təminatı və texnoloji infrastrukturdan ibarət olmaqla, binada və ondan kənarda elektron imtahanların keçirilməsi və idarə edilməsinə imkan yaradır.
İmtahanda iştirakçıların verbal, rəqəmsal və abstrakt təhlil bacarıqları yoxlanılıb. İmtahan bitdikdə və ya iştirakçı imtahanı başa çatdırdıqda avtomatik olaraq “Qiymətlər” bölməsində doğru cavablar və toplanılan xam ballar göstərilib.
Növbəti 5-7 iş günü ərzində “Yüksəliş” müsabiqəsi tərəfindən iştirakçıların T-bal şkalası üzrə nəticələri hesablanaraq onlara hesabat şəklində göndəriləcək.