Aprelin 16-da Dövlət İmtahan Mərkəzinin 10 illik yubiley tədbirləri çərçivəsində DİM-in inzibati binasında “Abituriyent” jurnalı redaksiyasının kollektivi ilə görüş keçirilib
Tədbir Dövlət İmtahan Mərkəzinin 10 illik fəaliyyəti ilə bağlı filmin nümayişi ilə başlanıb.
Tədbiri giriş sözü ilə açan Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin Sədri Məleykə Abbaszadə “Abituriyent” jurnalı redaksiyasının yarandığı ilk dönəm barədə məlumat verib. M.Abbaszadə bildirib ki, “Abituriyent” jurnalının ilk saylarının nəşrinə başlamaqla cəmiyyətlə informasiya mübadiləsi yaratmaq mümkün olub. Hazırda sosial media platformalarında ictimaiyyətlə davamlı və operativ əlaqə qurmaq mümkün olsa da kağız daşıyıcıda nəşrlərimiz öz aktuallığını qoruyur.
Daha sonra “Abituriyent” jurnalı redaksiyasının baş redaktoru Məhərrəm Bədəlov çıxışında Məleykə xanıma “Abituriyent” jurnalı redaksiyasının davamlı inkişafına göstərdiyi diqqətə və dəyərli tövsiyələrinə görə təşəkkür edib.
Ardınca çıxış edən “Abituriyent” jurnalı redaksiyasının Yaradıcı qrup rəhbəri Əlişirin Şükürov “Abituriyent” jurnalı redaksiyasının nəşrləri barədə məlumat verib.
Daha sonra qonaqlar “Abituriyent” jurnalı redaksiyasının kollektivi ilə çəkilmiş video-roliki izləyiblər.
Ardınca redaksiyanın əməkdaşları fəxri fərman ilə təltif ediliblər.
"Abituriyent" jurnalı redaksiyasının kollektivi adından bir daha Dövlət İmtahan Mərkəzinin rəhbərliyini və kollektivini yubiley münasibətilə səmimi-qəlbdən təbrik edir, bundan sonra da davamlı inkişaf, böyük uğurlar diləyirik.