Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə ali təhsil müəssilərinin sərgisi keçirilib.
Sərgi 31 iyul – 2 avqust 2024-cü il tarixlərində Mərkəzin elektron imtahanlar korpusunda təşkil edilib. Sərginin keçirilməsində məqsəd ixtisas seçimindən öncə abituriyentləri ali təhsil müəssisələrinin mövcud imkanları ilə tanış etmək və onların ixtisas seçiminin müəyyən olunmasına dəstək göstərmək idi.
Sərgidə ölkəmizdə fəaliyyət göstərən 40-a yaxın dövlət və özəl ali təhsil müəssisəsi, həmçinin müxtəlif qurumların – Dövlət İmtahan Mərkəzi, Tələbə Təhsil Kredit Fondu, “Abituriyent” jurnalı redaksiyası, e-psixoloq.az psixoloji dəstək platforması və otk.az onlayn sınaq imtahanı portalının stendləri yer alıb.
Ziyarətçilər sərgidə ali təhsil müəssisələrinin nümayəndələri ilə birbaşa ünsiyyət quraraq ixtisaslar, tədris proqramları, maddi-texniki baza, təhsil haqqı, güzəştlər, təqaüd proqramları və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab tapıblar.
Üç gün davam edən sərgi zamanı “Abituriyent” jurnalı redaksiyasının stendində ziyarətçilərə DİM nəşrləri ilə bağlı dolğun məlumat təqdim edilib.