Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzində ayda bir dəfə Mərkəzin rəhbərliyinin iştirakı ilə aktual mövzular üzrə ictimaiyyət üçün açıq müzakirələr təşkil olunur.

Növbəti açıq görüş fevralın 10-da təşkil olunub. Görüşdə iştirak etmək üçün qeydiyyat elektron formada DİM-in saytı vasitəsilə aparılıb.

Budəfəki müzakirə ““İmtahan proqramları, buraxılış və qəbul imtahanlarında tapşırıq nümunələri və qiymətləndirmə meyarları”na həsr olunub. Görüşdə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, müvafiq struktur bölmələrin rəhbərləri, şagirdlər, abituriyentlər və onların valideynləri, müəllimlər, eləcə də təhsil və pedaqoji ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri M.Abbaszadə iştirakçıları salamlayıb və görüşə maraq göstərdikləri üçün öz təşəkkürünü bildirib. Sədr belə görüşlərin ictimaiyyət üçün qəbul kampaniyasının gedişi, onun ayrı-ayrı istiqamətləri, mərhələləri barədə dolğun, dəqiq və etibarlı informasiyanın çatıdırılmasında, eyni zamanda qarşı tərəflərin fikirlərinin öyrənilib təhlil olunmasında xüsusi rol oynadığını qeyd edib.

Daha sonra Mərkəzin müvafiq şöbələrinin əməkdaşları tərəfindən imtahanların məzmunu ilə bağlı təqdimat nümayiş etdirilib.

Görüş interaktiv formada keçirilib və iştirakçıların sualları əsasında imtahan proqramları, tapşırıq nümunələri, qiymətləndirmə meyarları və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdən sonra şagirdlər və abituriyentlərə Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən dərslik materialları əsasında hazırlanan bilik səviyyəsinin yoxlanılması üzrə testlərdən ödənişsiz formada yararlanmaq imkanı yaradılıb. Siniflər üzrə testlər dərslik materialları əsasında bilik səviyyəsinin yoxlanılması məqsədi daşıyır.

Tədbirin əvvəlində iştirakçılar Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi jurnal və qiymətləndirmə kitabları ilə də tanış olublar.

Təhsil və pedaqoji ictimaiyyət nümayəndələri növbəti aylarda keçiriləcək görüşlərdə müzakirə edilmək üçün mövzularla bağlı təkliflərini press@dim.gov.az poçtuna göndərə bilərlər.