Abituriyent N11
Nəşr satışı yoxdur / 4 AZN (PDF)
Mündəricat faylı- abituriyent_N_11_2014_mun.pdf
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası hər il olduğu kimi bu il də “Abituriyent” jurnalının növbəti 11-ci sayını ali təhsil müəssisələrinə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış gənclərin ictimaiyyətə tanıdılması, təcrübəsinin öyrənilməsi və yayılması məqsədilə onlara həsr etmişdir. Jurnalın bu sayı ən yüksək nəticəli tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 9 sentyabr 2014-cü il tarixli Sərəncamı ilə açılır. Burada Prezident təqaüdçüləri haqqında məlumat, onların bitirdikləri məktəblər üzrə siyahısı, 600-dən yuxarı bal toplamış gənclərin təmsil olunduqları şəhər və rayonlar, məzunu olduqları ümumtəhsil müəssisələri, imtahan verdikləri ixtisas qrupları, qəbul olduqları ali məktəblər üzrə statistik göstəricilər, ən yüksək nəticə əldə etmiş gənclərlə müsahibələr, hər bir yüksək nəticəli abituriyentin topladığı bal, qəbul olduğu ixtisas, bitirdiyi məktəb və s. haqqında məlumatlar təqdim olunmuşdur. Jurnalda həmçinin 600-dən yuxarı bal toplamış gənclərlə aparılmış anket sorğusunun statistik təhlilinin nəticələri, onların arzu, rəy, təklif və gələcək abituriyentlərə tövsiyələrindən nümunələr dərc edilmişdir.
Qeyd edək ki, bakalavriat səviyyəsinə 100 minə yaxın abituriyentin iştirak etdiyi qəbul imtahanlarında 1727 nəfər abituriyent yüksək nəticə göstərərək 600 və daha yuxarı bal toplamışdır. Yüksək nəticə göstərənlər respublikanın, demək olar, bütün şəhər və rayonlarını, o cümlədən bəzi kənd məktəblərini də təmsil edir. 600 və daha yüksək bal toplayan abituriyentlərin sırasında regionlarda fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin məzunlarının sayı bu il 882 nəfər təşkil edir. Yüksək ballılar arasında 35 nəfəri xüsusi təyinatlı ali təhsil müəssisələrinə qəbul olmuşdur.
Yüksək nəticə göstərənlər I qrup üzrə (texniki və təbiət elmləri üzrə ixtisaslar) 488, II qrup üzrə (iqtisadiyyat üzrə ixtisaslar) 435, III qrup üzrə (humanitar ixtisaslar) 401, IV qrup üzrə (tibb ixtisasları) 403 nəfərdir. 9 nəfər isə maksimal nəticə - 700 bal toplamışdır. Onlar I, II və IV ixtisas qrupları üzrə imtahan vermiş abituriyentlərdir. IV ixtisas qrupu üzrə 600-dən yuxarı bal toplayan 5 abituriyent Türkiyə Respublikasının Gülhanə Hərbi Tibb Akademiyasına qəbul olmuşlar.
Jurnalları TQDK-nın binası yanındakı "Abituriyent" köşkündən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.
- Ad: Abituriyent N11
- Kateqoriya: “Abituriyent” jurnalı