8 AZN (onlayn)

Dövlət İmtahan Mərkəzi «Abituriyent» jurnalının 1-ci nömrəsini nəşr edib.
Jurnalın bu nömrəsində ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üçün I, II, III və IV ixtisas qruplarına daxil olan fənlər üzrə qəbul imtahanı proqramları, ədəbiyyat siyahısı, tapşırıq nümunələri, balların hesablanma qaydası, xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları və digər zəruri materiallar dərc edilib.

Jurnalda qəbul imtahanı modelinə əsasən hər fənn üzrə 30 tapşırıq təqdim edilib. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq tiplidir. Açıq tipli tapşırıqlardan I ixtisas qrupunda 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan, II, III və IV ixtisas qruplarında 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və mənbə əsasında hazırlanan tapşırıqlardır. Digər açıq tipli tapşırıqlar cavabları kodlaşdırılan hesablama, seçim, uyğunluğu müəyyənetmə tapşırıqlarıdır. Hər bir abituriyent bu tapşırıqları cavablandırmaqla özünün imtahana hazırlıq səviyyəsini yoxlaya bilər.

Jurnal iki dildə – Azərbaycan və rus dillərində nəşr edilib.

Jurnalları DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.