Burlaxatun Məcidli yüksək nəticə qazanmaq istəyən şagirdlərlə şəxsi təcrübəsini paylaşır
Mingəçevir şəhəri, Təbiət, Riyaziyyat və Humanitar elmlər təmayüllü liseyin 11-ci sinif şagirdi Burlaxatun Məcidli buraxılış imtahanında 300 bal toplayıb. O, yüksək nəticə qazanmaq istəyən şagirdlərlə şəxsi təcrübəsini paylaşır:
“Hazırlıq prosesim olduqca intensiv keçdi, gün ərzində saatlarla Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri üzərində çalışaraq hər bir xırda detalı mənimsəməyə fokuslandım. Digər işlərimlə dərslərim arasında balans yaratmaq üçün zamanı bölüşdürməyə çalışdım, sosial fəaliyyətlərimi müvəqqəti olaraq azaltsam da, tamamilə kəsmədim. Hazırlıq müddətində mütəmadi olaraq sınaq imtahanlarında iştirak etmək mənə vaxtı düzgün bölüşdürməyi və həyəcanımı idarə etməyi öyrətdi. Əsas resurs kimi DİM-in nəşr etdiyi fənlər üzrə test toplularından yararlanırdım. Bununla yanaşı, digər köməkçi vəsaitlərdən də istifadə edirdim.
Mən öz gələcək təhsilimi I ixtisas qrupu üzrə davam etməyə qərar vermişəm və hədəfim memar olmaqdır. Bu sahəni seçməyimin səbəbi həm şəxsi maraqlarım, həm də gələcəkdə cəmiyyətə daha çox fayda verə biləcəyimə olan inamımdır. Hazırlıq zamanı əsas motivasiyam hədəflərimə çatmaq arzum və ailəmin, müəllimlərimin inamını doğrultmaq istəyim idi. Digər abituriyentlərə ən böyük məsləhətim odur ki, heç vaxt ruhdan düşməsinlər və hər bir səhvi yeni bir öyrənmə fürsəti kimi dəyərləndirsinlər. Məncə, imtahanda uğurun ən vacib elementi yalnız çalışqanlıq deyil, həm də düzgün strategiya və möhkəm psixoloji hazırlığın vəhdətidir. Tələbə adını qazandıqdan sonra əsas hədəfim öz sahəmdə peşəkar mütəxəssis kimi yetişmək və beynəlxalq təcrübə qazanmaqdır”.
Uğurlar, Burlaxatun!