DİM-də psixologiya elmləri üzrə fəlsəfə doktoru Zülfiyyə Veysovanın "Tapşırıq halqaları modeli: metodologiya və tətbiq imkanları" kitabının təqdimat mərasimi keçirilib
19 dekabr 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzində psixologiya elmləri üzrə fəlsəfə doktoru Bakı Avropa liseyinin direktoru Zülfiyyə Veysovanın "Tapşırıq halqaları modeli: metodologiya və tətbiq imkanları" kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə Dövlət İmtahan Mərkəzi, Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Bakı şəhəri üzrə Təhsil İdarəsi, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəhbər şəxsləri, millət vəkilləri, ali təhsil müəssisələrinin professor-müəllim heyəti, ümumtəhsil müəssisələrinin direktorları, görkəmli elm və təhsil işçiləri iştirak ediblər.
Təqdimatdan öncə qonaqlar Dövlət İmtahan Mərkəzinin elmi-metodiki nəşrləri və xidmətləri ilə bağlı sərgiyə baxış keçiriblər.
Tədbiri giriş sözü ilə açan Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə müəllif haqqında – onun müasir təlim və tədris prosesində yeniliklərin təşəbbüsçüsü kimi təhsil sahəsində xidmətləri barədə müsbət fikirlərini söyləyib, onun beynəlxalq standartlara uyğun müasir təhsil sisteminin qurulmasında mühüm rolu, peşəkar, faydalı bilik və bacarıqlara yiyələnən, rəqabətə davamlı insan resurslarının yetişdirilməsinə verdiyi töhfəsindən danışıb.
M.Abbaszadə həmçinin Dövlət İmtahan Mərkəzinin yeni “Gənc psixometrik” təcrübə proqramı haqqında məlumat verib. Sədr üç ay müddətində davam etməsi nəzərdə tutulan təcrübə proqramının əsas məqsədinin təhsilin qiymətləndirilməsi və psixometriya sahəsində nəzəri və praktik biliklərin mənimsənilməsi, statistik təhlil metodlarının öyrədilməsi və qiymətləndirmə alətlərinin effektiv tətbiq edilməsi üçün mütəxəssislər hazırlamaq olduğunu qeyd edib. DİM-in könüllülər proqramı ilə bağlı da danışan sədr gənclərin layihəyə böyük maraq göstərdiyini və dörd mindən artıq şəxsin qeydiyyatdan keçdiyini vurğulayıb.
Daha sonra çıxış edən millət vəkili Mehriban Vəliyeva müəllifi təbrik edib və kitabın gələcəkdə təhsilin keyfiyyətinin yaxşılaşdırılmasında böyük əhəmiyyətə malik ola biləcəyini vurğulayıb.
Ardınca müəllif Zülfiyyə Veysova təqdim etdiyi kitabın yazılma tarixi, məqsədləri, uzunmüddətli araşdırma və tədqiqatların aparılması əsasında yaradılmış müəllimlər üçün məqsədəuyğun, səmərəli və faydalı alətin hazırlanması haqqında geniş məlumat verib.
Müəllif və müzakirələrdə çıxış edən mütəxəssislər bu kitabın müxtəlif koqnitiv proseslərin formalaşmasına yönəldilmiş tapşırıqların hazırlanmasında müəllim və metodistlərə, təlim standartları, kurikulum, tədris vəsaiti və dərslikləri yazan müəlliflərə, qiymətləndirmə üzrə təhsil ekspertlərinə kömək edə biləcək alət kimi faydalı olduğunu vurğulayıblar.
Digər çıxışçı – görkəmli pedaqoq Ənvər Abbasov kitabın əhəmiyyəti haqqında müsbət fikirlərini bildirib. Təqdim olunan “Tapşırıq halqaları” alətindən istifadə nəticəsində şagirdlərin təlim prosesinin gedişatını daha asan başa düşmələri, habelə təlim tapşırıqları və gözlənilən təlim nəticələrinin hazırlanmasını daha da asanlaşdıran bir vəsait olduğunu qeyd edib. Tədbirin sonunda kitab haqqında müzakirələr davam etdirilib və gələn qonaqlar təqdimat münasibətilə müəllifi təbrik etməklə xoş sözlər söyləyiblər.